Xəbər Lenti

    Umudov ümidləri doğrultdumu?

    V BUCAQMüəllif: Sahib Əsədbəyli
    ...
    İranın Kirmanşah şəhərində təşkil olunan sayca 45-ci Dünya Kuboku yarışını sərbəst güləşçilər üçün cari ilin ilk ciddi sınağı kimi də qəbul edə bilərik. Umudov ümidləri doğrultdumu?Məşqçilər korpusunda edilən dəyişiklik bunu ikiqat önəmli edirdi. Ki, Firdovsi Umudovun sınaqdan necə çıxdığına aydınlıq gətirməyə çalışacağıq. 
    
    Əsas favoritlərdən Rusiya yığması tamamilə əvəzedici, İran və ABŞ milliləri əsas heyətlə çıxış edirdi. Azərbaycan millisinin heyətini isə müəyyən mənada eksperimental adlandırmaq olar. Məsələn, 61, 70 kiloqramlarda çıxış edən güləşçilərlə yerli idman camiəsi ilk dəfə tanış olurdu. İkiqat dünya çempionu, olimpiya mükafatçimiz Hacı Əliyev isə yeni çəkidə - 65 kiloqramda təmsil olundu. 
    
    Püşk pəhləvanlarımıza qrupda Rusiya, ABŞ, Gürcüstan millilərini rəqib etmişdi. Güləşin bu növündə aşkar favorit olan rusların əsas heyətə istirahət verməsi millimizin şanslarını artıran amil idi.
    
    Ehtimal, çətinliklə də olsa özünü doğrultdu. Bərabər bitən görüşdə xal hesabı ilə üstünlük qazandıq. Burada Əli Rəhimzadənin "London-2012"-nin qalibi Camal Otarsultanovu məğlub etməsi xüsusi vurğulanmalıdır.
    
    Gürcülərlə görüşdəki qələbə(7-1) şübhə doğurmurdusa, ABŞ-la duelin dramatik keçəcəyi məlum idi. Qrupun liderinin müəyyənləşdiyi qarşılaşma belə də alındı. Olimpiya çempionları Cordan Barrouz, Kayl Snayder, son dünya çempionu Loqan Steyber kimi güləşçilər ABŞ millisinin turnirə necə ciddi yanaşdığından xəbər verirdi. 
    
    İlk görüşdə rusiyalı rəqibinə məğlub olan Avropa çempionu, gürcü legioner Georgi Ediseraşvili, günahını yudu. 
    
    Əli Rəhimzadə isə turnirdə ilk məğlubiyyəti yuxarıda haqqında bəhs etdiyimiz son dünya çempionundan aldı. Hərçənd, bu görüşdə də gənc pəhləvanımız əzmlə mübarizə apardı ki, bununla, ona qarşıdakı beynəlxalq yarışlarda şans verməyin labüd olduğunu deyə bilərik. 
    
    Hacı Toğrul Əsgərovla Rio Olimpiadasındaki görüşdən tanıdığımız Frank Molinaronu keçməkdə çətinlik çəkmədi. 
    Əvvəlki iki və son görüşdə də qələbə qazanan 26 yaşlı Əliyevin çəkiyə adaptasiyasinda ciddi problem olmayacaq. Əksinə, çəkisalmada problem yaşayan idmançının burda daha rahat və uğurlu olacağı söhbət mövzusudur.
    
    Rəhimzadədən fərqli, Firdovsi Umudovun ikinci eksperimenti özünü doğrultmadı. Rəhimzadə dörd görüşün üçündə qalib gəldisə, eyni sayda şans qazanan Suynuçxanov yığmanın hesabına sadəcə bir qələbə yazdı. O da nisbətən zəif hesab ediləcək gürcü rəqiblə görüşdə qeydə alındı. Malkolm Qrin sözügedən təmsilçimizlə dueldə demək olar ki, həlledici nəticəyə imza atdı: 12-2. 
    
    Umudovun Barrouzun qarşısına Cəbrayıl Həsənovu deyil,  gənc Murad Süleymanovu çıxarması ciddi səhv kimi təqdim edilməlidir. Karyerasının pik dövrünü yaşayan Həsənova gürcülərlə görüşdə istirahət verib, daha məsuliyyətli duel üçün qorumaq olardı. 
    
    Məğlubiyyət seriyasını bu görüşdə də davam etdirən Şərifin mövcud formaya rəğmən, heyətə - özü də tək daxil edilməsi 86 kiloqram çəki dərəcəsində problemlərin olduğunu göstərir.
    
    Snayderi məğlub edən Aslanbek Alborovun turnirdəki ümumi çıxışı, onun Xetaq Qazyumovun yerini doldurmaq gücündə olduğundan xəbər verir.
    
    Tək mübarizə aparan Camaləddin Məhəmmədov bu dueldə Nikolas Qviazdovskini də məğlub etdi. Dörd görüşdən üçündə qələbə qazanan 27 yaşlı dağıstanlı legioner yigmada çəkisinin şəksiz favoritidir. Hər hansı fövqəladə hal yaşanmasa, ilin  qarşıdakı yarışlarında güləşəcəyi mütləqdir.
    
    Beləliklə, ruslarla olduğu kimi, 4-4  bitən görüşün taleyini umumi xallar həll etdi ki, bu dəfə sevinən tərəf rəqib oldu.
    
    Tarixdə dördüncü dəfə finala vəsiqə qazanmaq şansını itirən millimiz, dördüncü "bürünc"ü əldən vermədi. Nisbətən zəif olduqları bu növdə, türklərlə görüşdəki qələbəni(7-1) əvvəlcədən proqnozlaşdırmaq olardı.
    
    Müqayisə etdikdə, ev sahiblərinin baş mükafata ardıcıl altıncı dəfə yiyələndiyi bu Dünya Kubokunun əvvəlki illərə nisbətdə səviyyəcə xeyli yüksək olduğu qənaətinə gəlmək olar. Belədə nəticə nə çox uğurlu, nə də uğursuzdur. Firdovsi Umudovun rəhbərlik etdiyi məşqçilər korpusunun ilk sınağı qənaətbəxş hesab edilə bilər.
    
Topaz Premyer Liqası
Komanda O Q H M T/F X
Qarabağ 23 15 4 4 37-11 49
Qəbələ 23 13 8 2 42-13 47
İnter 23 10 9 4 33-23 39
Zirə 23 8 6 9 20-23 30
Neftçi 23 8 2 13 19-36 26
Sumqayıt 23 6 7 9 20-30 25
Kəpəz 23 5 9 9 16-24 24
AZAL 23 1 7 15 10-37 10
I Divizion
Komanda O Q H M T/F X
Turan 21 15 5 1 54-8 50
Səbail 21 14 2 5 64-23 44
Qaradağ L. 21 14 1 6 50-24 43
Zaqatala 21 13 2 6 60-26 41
Ağsu 21 12 4 5 49-20 40
Şəmkir 21 12 2 7 32-18 38
Mil Muğan 21 10 4 7 33-24 34
MOİK 21 8 6 7 38-23 30
Şərurspor 21 7 4 10 36-39 25
Şahdağ 20 5 5 10 25-36 20
Energetik 21 4 3 14 19-72 15
Göyəzən 21 2 4 15 16-75 10
Rəvan 21 6 1 14 24-55 10
Bakılı 20 2 1 17 22-79 7