Xəbər Lenti

    “Qəbələ” yanğısı: sevdanı pozan “rəfiqələr”

    HƏQİQƏT ANIMüəllif: Ceyhun Əliyev
    ...
    Ötən əsrin son 30 ili. Bir gənc oğlan təsadüfən gördüyü qıza aşiq olur. Atacağı addımlar günümüzdə hətta gülməli də görünə bilər. Əvvəlcə həmin xanımın arxasınca düşər və istiqaməti müəyyənləşdirər. Sonra qızın oxuduğu təhsil ocağını, iş yerini öyrənər və “komsomol məsafəsi”ndə (adətən bu, 50-150 metrlik ara olardı) onu müşayiət edərdi. Günlər ötdükcə məsafəni qısaldar... 
    
    Növbəti irimiqyaslı əməliyyat qıza yaxınlaşmaq, kiminsə vasitəsi ilə namə göndərmək olurdu. Sonra ev telefonunu almaq (mobil şəbəkə mövcud deyildi), zəngləşmək və nəhayət, ilk görüşə çağırmaq. Bəzən məlum olurdu ki, qıza eşq elan edən başqa yoldaş da var. Qız seçim qarşısındadı. Onda ədəbi-publisistik - şerlər, sevgi məktubları, zənglər – hesabına bu səddi də aşmaq olurdu. Yox, rəqib də əl çəkmirdisə, şəxsi söhbət və yekunda yumruq-təpik də işə salınırdı. Nələr etməzsən sevgilinin yolunda? Uğurlu oğlanlarda sadaladığımız yol müsbət nəticə verirdi. Bundan sonra görüşlər, görüşlər, görüşlər... 
    
    Oğlan bəyəndiyi qıza imkanı daxilində müxtəlif hədiyyələr edir, görüşlər zamanı ləziz təamlara qonaq etməyə çalışır. Qısası, dünyanı bəxş etməyə hazır olur. Ancaq qızın bir neçə rəfiqəsi olur. Bax, əsl sınaq anı da bu olur. Oğlan həmin rəfiqələrlə dil tapmağı bacardısa, yaşayacaq, bacarmadısa, sevgilisinə qovuşmaq ümidləri puç ola bilərdi. Məşhur reklamda deyildiyi kimi: “Bıdı-bıdı, dır-dır”. Rəfiqələr oğlanda o qədər mənfi xüsusiyyətlər tapacaqdılar ki, yekunda günlərin birində yazıq qızcığaz bezib, oğlana “otval” verəcəkdi. Başqa sözlə, tədbirli oğlanlar mütləq sevdikləri qızın rəfiqələri ilə də hesablaşır, onlarla olduqca ağıllı davranardı. Əlbəttə, işlərinin xətrinə... 
    
    Mövsümün gedişatında Topaz Premyer Liqasında daha iddialı 3 komanda var idi – “Qarabağ”, “Qəbələ” və “İnter”. Maraqlıdır ki, bu trionun öz aralarındakı görüşlərdə ən az xal toplayan ağdamlılardı. Ancaq turnir cədvəlindəki vəziyyət tam fərqlidi. Qurban Qurbanovun yetirmələri keçirdikləri 7 oyundan cəmi 6 xal toplayıb. “Qəbələ” əsas rəqibini iki dəfə üstələyib. Roman Qriqorçukun komandası 12 xal toplamağa müyəssər olub. “İnter” isə bu trio arasında ən az oyun keçirsə də, 7 xala sahibdi. 
    
    Göründüyü kimi, “Qəbələ” bu baxımdan hamıdan öndədi. Sevgili obraıznda çempionluqdusa, bu yolda qıza adaxlı düşənlər “İnter”lə “Qarabağ”dı. Hə, “Qəbələ” rəqib “oğlanlar”dan daha yaraşıqlı olduğunu “sevgilisi”nə isbatlamağı bacardı. Cəngə çıxdı və yenə də üstün olduğunu göstərdi. Amma “rəfiqələr”... Ah, bu “rəfiqələr”. “Zirə”dən tutmuş AZAL-adək hamısı gözəlçə-çempionluğa “Qəbələ”nin yaraşmadğını pıçıldadı. 
    
    İndi “qırmızı-qaralar” elə bir vəziyyətdədilər ki, ümid qalıb “rəfiqələr”ə. Ancaq onlar “Qəbələ”nin ən yaraşıqlı və layiqli oğlan olduğunu isbatlaya bilərlər. Qalan üç turun təqviminə nəzər yetirdikdə, gözəlçənin ən yaxın rəfiqələri “İnter”lə “Neftçi” ola bilər. Olacaqlarmı?
    
    
Topaz Premyer Liqası
Komanda O Q H M T/F X
Qarabağ 28 18 6 4 46-14 62
Qəbələ 28 14 10 4 48-21 52
İnter 28 11 10 7 39-33 43
Zirə 28 10 9 9 29-26 39
Kəpəz 28 9 9 10 24-27 36
Sumqayıt 28 9 8 11 28-35 35
Neftçi 28 9 2 17 24-45 29
AZAL 27 1 7 20 13-50 10
I Divizion
Komanda O Q H M T/F X
Turan 26 18 7 1 62-11 61
Səbail 26 18 3 5 80-25 57
Ağsu 26 16 5 5 63- 21 53
Qaradağ L. 26 17 1 8 64-31 52
Zaqatala 26 15 4 7 69-31 49
Şəmkir 26 15 3 8 41-20 48
Mil Muğan 26 13 5 8 53-33 44
MOİK 26 10 6 10 47-31 36
Şahdağ 26 8 6 12 36-45 30
Şərurspor 26 7 4 15 36-54 25
Energetik 26 5 5 16 25-86 20
Bakılı 26 3 2 21 30-99 11
Rəvan 26 6 1 19 24-70 10
Göyəzən 26 2 4 20 20-99 10