Xəbər Lenti

    16 il birgə: Üzülmə kapitan, gülə-gülə kapitan...

    TRİBUNA(L)Müəllif: Mehman Cahandar
    ...
    "Gəl, qoca, futbolda birgə qocaldıq". Bu, dünən Çexiya ilə oyundan sonra millimizin kapitanı Rəşad Sadıqovun mənə onunla xatirə şəkli çəkdirərkən dediyi sözlər idi. Onunla bir neçə dəfə birgə şəkilm olub. Siftə hələ 2006-cı ilin yanvarında Moskvada "Neftçi" ilə sonda qalib olduğumuz "Birlik kuboku"nda "Dinamo" manejində olmuşdu. Budəfəki şəklin fotokolleksiyamda xüsusi yeri olacaq. Axı, bu, 35 yaşlı müdafiəçimizin millidə son, vida matçı idi. Bu tarixi fakta görə hamımız qələbəni çox istəyirdik. Çexlər də bizim üçün arzuolunmaz rəqib deyildi. Hər halda, bu, yığmadan ötən il onun meydanında qolsuz bərabərliklə xal ala bilmişdik. Ancaq bu dəfə evdə oynasaq da, heç 1 xala da gücümüz çatmadı. 35 yaşlı Rəşad Sadıqov belə yolasalınmaya layiq deyildi...
    
    ...Taleyin işinə bax, Rəşad millidə son matçında zəhləsi getdiyi Çexiya futbolundan məğlubiyyət acısı daddı. Hər halda, Rəşad Çexiya komandalarından hələ uşaqlıqdan zəhləsi getdiyini ötən yay etiraf etmişdi. O vaxt bunu əbəs yerə deməmişdi. "Qarabağ"la onu Çempionlar Liqasından kənarda qoyan "Viktoriya", ardından Avropa Liqasının qrupunda startda qələbədən məhrum edən "Slovan" məhz bu ölkənin təmsilçiləridi ki, onların Bakıdakı heç-heçələri bizə nəticə baxımından üzüntü yaşatdı. Maraqlıdır ki, Sadıqov Çexiya millisinə qarşı ilk dəfə oynayırdı. Hərçənd, bunadək həmin yığmayla 2 dəfə qarşılaşsaq da, Rəşad hər ikisində - həm Əl-Ayndakı 2:0 hesabı ilə qalib gəldiyimiz yoldaşlıq görüşünü, həm də Ostrvada qolsuz bərabərlik etdiyimiz rəsmi oyunu zədə üzündən tribunadan izləməli olmuşdu. O, çexlərə qarşı istər klub, istərsə də yığma səviyyəsində oyunlarda qələbə qazana bilməsə də, "Slovan"a son saniyələrdə vurduğu qolla yadda qaldı...
    
    ...Bəli, Rəşad millimizdə "1"-ləri bir yerə yığaraq - 111 oyunla getdi. 1 rəqəmi ona yad deyil. Vaxtilə Türkiyədə "Kocaelispor"da adətən qapıçıların geyindiyi "1 nömrə"də çıxış edib. Millimidə vurduğu qol sayı 5 oldu ki, bu da eyni zamanda millidə əla çıxışının qiyməti idi. Maraqlı təsadüfə bax, onun yığma karyerası oktyabrda başladı, oktyabrda da bitdi. Günlər də çox yaxın idi. Hər şey 2001-ci ilin oktyabrın 6-da İsveç yığmasıyla Stokholmda 0:3 hesabı ilə uduzduğumuz rəsmi oyunda 19 yaşında debütüylə başladı. Bu, onu millimizə gətirən futbol üzrə yeganə Olimpiya çempionumuz İqor Ponomaryovun millimizin baş məşqçi postunda son matçı idi. Ancaq Rəşad üçün bu başlanğıc idi və uzun yol 2017-ci ilin oktyabrın 5-də bitdi...
    
    ...Rəşad haqda indiyədək çox yazılıb və haqqında deyilən təriflərə birmənalı layiqdi. Təkcə futbolçu yox, insan kimi də. O, əsl xarizmatik lider, komandanı arxasıyca daşıya bilən, düz sözü deməkdən çəkinməyən birisi olub. Bu, ona baha başa gəlsə də, xeyli müdddət futboldan, millidən kənarda qalsa da, sınmayıb, əksinə, özünə güc toplayaraq uğurla qayıda bilib. Şübhəsiz ki, müstəqil Azərbaycan futbol məktəbinin ən yaxşı yetirməsidi. Yalnız ona Türkiyənin Super Liqasında 3 müxtəlif klubda - "Kayserispor", "Əskişəhərspor" və "Kocaelispor"da oynamaq nəsib olub...
    
    ...Ümumiyyətlə, Sadıqovun futbolçu karyerasında ilklər boldu. O, basketbol oynayan, özü də Azərbaycan çempionu olan ilk (hələ ki, yeganə) futbolçudu. İlk dəfə "Birlik kuboku"nu qazanan, ilk dəfə 2 mərhələ adlayan klubumuzun heyətində olub. Hər ikisi də onu futbolçu kimi tanıdan, zirvələrə qaldıran "Neftçi"ylə. Ən "qoca klubu"muz ilk dəfə Çempionlar Liqasında mərhələ adlayanda da Rəşad "ağ-qarlar"ın heyətində idi. Onun "Neftçi" karyerası daha uzun müddət ola bilərdi. Di gəl ki, millimizin sabiq baş məşqçisi Berti Foqtsun özü ilə Azərbaycana gətirdiyi köməkçisi Hans-Yurgen Gede "Neftçi"nin "sükanı arxası"na keçəndən sonra Rəşada qarşı böyük haqsızlıq etdi, onu klubdan kənarlaşdırdı. Ancaq yaxşı deyiblər ki, hər bir işdə xeyir var. O vaxt "Neftçi" müdafiəçilə yollarını ayırmasaydı, o, bəlkə də gəlib "Qarabağ"a düşməz, bu qədər böüyk uğurar qazanmazdı. "Qarabağ"la 2009-cu ildən başlayan fasizləsiz 8 ildə isə çoxlu rekordu, ilkləri oldu. Ancaq hamı razılaşar ki, bunlar arasında ən yüksək zirvə Azərbaycan futbolunun nəhayət, Çempionar Liqasının qrup mərhələsində təmsil olunması idi. "Stemford Bric"də "Çelsi"ylə oyuna komandanı kapitan olaraq meydana çıxaran, tarixi debütə imza atan məhz Rəşad idi. Onun Çempionlar Liqasıyla eyni gündə UEFA Gənclər Liqasında "Qarabağ"ın U-19 komandasının baş məşqçisi kimi də iş başında olması ümumiyyətlə, dünya futbolu üçün ilkdi...
    
    ...Hə, Rəşad, düz deyirsən, futbolda birgə qocaldıq. Sən yaşlaşdın, mənim artıq saçlarım ağarır. 2001-ci il ikimizin də həyatında xüsusi yer tutur. Sən 16 il öncə futbolda tanınmağa başladın, millyə düşdün, mən isə jurnalistikada ilk adıdmları atmağa başladım. O vaxt sən 1 həftədə 3 yığmamızda - əsas, U-21 və U-19-da oynamış futbolçu kimi diqqət çəkdin, mən də "Futbol+"də həmin tanınmayan Rəşad Sadıqov haqda material yazdım. Bu 16 ildə futbolumuzda çox şeyləri gördük - çətinlikləri, futbolsuz qalmağı da, xoş günləri, tarixi uğurları da. Sən indi millidən gedirsən, ancaq futbolda qalırsan. Yəqin nə vaxtsa, millimizin məşqçisi, hətta baş məşqçisi olacaqsan. Allah ömür versin, yenə birgə addımlayacağıq, yenə futbol adamı - mətbuat nümayəndəsi işbirliyimiz davam edəcək. Hər halda, hər ikimiz öz işimizi sevirik...
    
    ..."14"-ü futbolçu karyeranda sevimli nömrən kimi daim daşısan da, milli karyeran "16"yla bağlı oldu. Əlsində, bu da sənin yad rəqəm deyil. Axı sən iyunun 16-da dünyaya gəlmisən. Bilirəm, nə qədər gizlətməyə çalışsan da, məyussan, millidən məğlubiyyətlə getməyi heç istəməzdin. Ancaq üzülmə, böyük uğurların hələ qabaqdadı. İnşallah, məşqçi kimi çexlərdən heyfini çıxarsan. Başını dik tut, gülə-gülə kapitan...
    
     
    
    MEHMAN SÜLEYMANOV
Topaz Premyer Liqası
Komanda O Q H M T/F X
Qarabağ 8 6 1 1 14-4 19
Qəbələ 9 6 1 2 12-8 19
Zirə 9 5 3 1 16-7 18
Sumqayıt 9 4 1 4 10-12 13
Neftçi 9 3 1 5 10-9 10
Səbail 8 3 0 5 5-12 9
İnter 9 2 2 5 7-12 8
Kəpəz 9 1 1 7 5-15 4
I Divizion
Komanda O Q H M T/F X
Qaradağ L. 4 3 1 0 7-3 10
Sabah 4 2 1 1 7-2 7
Binə 4 2 1 1 5-1 7
MOİK 4 2 1 1 5-3 7
Turan T. 4 2 1 1 5-7 7
Xəzər 4 1 2 1 6-3 5
Şüvəlan 4 1 1 2 2-3 4
Mil-Muğan 4 1 1 2 4-7 4
Ağsu 4 1 1 2 4-7 4
Zaqatala 4 0 0 4 1-12 0